Bələdiyyələrin maarifləndirilməsi tədbirləri davam etdirilir

    İmişli regional ədliyyə idarəsində bir qrup bələdiyyə üzvləri ilə növbəti seminar tədbiri keçirilmişdir. Tədbir Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi tələb və tövsiyələrə uyğun qaydada  təşkil edilmişdir. Seminar mövzularının müzakirə edilməsindən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamdan irəli gələn məsələlərə toxunulmuşdur. Belə ki, 05.01.2021-ci ildə imzalanan həmin Sərəncam özündə yalnız Azərbaycan yazılı ədəbiyyatının yaradıcılarından biri olmaqla bərabər, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, işıqlı olduğu qədər də ibrətamiz və mənalı əsərlərin müəllifi olan dahi mütəfəkkirin tək anadan olmasının 880 illiyini ehtiva etmədiyi, bu ali dövlət sənədi həm də daşıyıcısı olduğumuz dəyərlərin ötəri olmadığını, bəşər sivilizasiyasına böyük fikir sahibləri bəxş emiş millətin o dəyərlər yolunu getməkdə israrını təsdiq edən sənəd olduğu vurğulanmışdır. Biz elə hesab etmirik ki, ancaq fövqəladə yaradıcılıq istedadına malik olan insanlar dahi- deyilərək çağırılır, dahi, bu keyfiyyətə malik olmaqla bərabər, həm də insanın missiyası olan yolda ona verilmiş ruhun daşıyıcısı, ötürücüsü olan şəxsiyyətlərdir.

    880 il əvvəl Gəncədə doğulan və bütün ömrü boyu yaşadığı şəhəri tərk etməsə də, öz ağlagəlməz zəhməti sayəsində fars və ərəb dillərini dərindən mənimsəyən, özünə qədər yaranmış türk, fars və ərəb ədəbiyyatını, fəlsəfəsini mükəmməl öyrənən, iki dildə - türk və fars dillərində gözəl lirik, möhtəşəm epik şeir növləri yaradan Nizami Gəncəvi o ruhla yaşamış və yaratmışdır. 800 ildən artıq müddətdir ki, Nizami ancaq dərin məna yükü daşıyan əvəzsiz şeir yükü ilə deyil, həm də insanlara elmin qüdrətini təlqin edən, onları proqresdə olan yolun yolçusu olmağa dəvət edən bir missioner kimi Yaxın Şərqdən Orta Asiyaya qədər olan geniş coğrafiyada simvola dönməsinə dair fikirlər tədbir iştirakçılarına diqqətinə çatdırılmışdır.

    Daha sonra seminar mövzuları ilə baxlı çıxışlar edilmişdir. Bələdiyyələrdə mövcud olan debitor və kreditor borclar, onların həlli yolları və öhdəlikdən yayınan şəxslərlə bağlı məcburi icrası yolları geniş müzakirə edilmiş və qanunvericiliyin tələbi tədbirdə iştirak edən bələdiyyə üzvlərinə izah edilmişdir. Qeyd olunan məsələ ilə bağlı İmişli rayon İcra və Probasiya şöbəsi icraatlarında olmuş və hazırda icrası davam edən bu kateqoriyalı işlərlə bağlı müəyyən statistik məlumatlar səsləndirilmiş, eyni zamanda bələdiyyələr tərəfindən inzibati aktların icraya yönəldilməsi zamanı icra sənədinə dair tələbləri tam təmin etmələrinin zəruriliyi və buna diqqət göstərmələri xahiş olunmuşdur.

    Yerli vergi və ödənişlərin yığılması, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına, habelə nəzarət edilməsinə bələdiyyələr tərəfindən məsuliyyətlə yanaşılmadığının müşahidə olunduğu qeyd olunmuşdur. Bələdiyyələrin yerli vergilər və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir. Bu məqsədlə bələdiyyələr ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, illik hesabatlar bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməli olduğu bələdiyyələrin vəzifəli şəxlərinə bildirilmişdir.

   Bələdiyyə torpaqlarının icarəyə və subicarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilməsi, tələblərin pozulduğu halda müvafiq qaydada məhkəmədə mübahisələndirilməsi, eləcə də bu sahədə olan çatımazlıqlar və onların aradan qaldırılması yolları müzakirə olunmuşdur.

    Digər bir məsələnin bələdiyyələrin “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə (EKTİS) iştirakı ilə bağlı olduğu söylənmişdir. Bu sistem şəffaflıq və operativlik baxımından fermerlərin və kənd təsərrüfatı məhsullarının ilkin mər­hələsindən son mərhələsinə qədər bütün biznes prosesləri əhatə edən modulların for­ma­laş­dı­rıl­masını özündə ehtiva etdiyi bildirilmişdir.

   “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” haqqında Əsasnamədə yerli özünüidarəetmə orqanının sistem üzərində hansı formada qeydiyyatdan keçməsini, elektron kabinetdən istifadə etməsini, eləcə də uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatların daxil edilməsinə dair tələblərin müəyyən edildiyi diqqətə çatdırılmışdır.

    Bundan başqa bələdiyyələrin işində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, eyni zamanda müasir İKT imkanlarından və bundan irəli gələrək Bələdiyyələrlə iş portalının ilkin versiyasından səmərəli istifadə olunması məsələsinin diqqətdə saxlanılması bələdiyyə üzvlərinə çatdırılmışdır.

   Sonda bələdiyyə üzvlərinin sualları, təklifləri dinlənilmiş və müzakirə şəraitində suallar cavablandırılmış, təkliflərin nəzərə alınacağı bildirilmişdir.