Bələdiyyə vergilərini ödəməyən hər kəs qanun qarşısında məsuliyyət daşıyır.

        Bələdiyyə büdcələrinin qanunvericiliklə müəyyənləşdirilmiş əsas mədaxil mənbələri vergilər və yerli ödənişlərdir. Bələdiyyələr yerli vergi və ödəniş ödəyicilərinin uçotunu, onların qeydiyyata alınmasını, vergilərin xüsusən torpaq və əmlak vergilərinin düzgün hesablanmasını, bildirişlərin vaxtında və düzgün göndərilməsini təmin etməli, həmçinin vergi və ödənişləri ödəməkdən yayınanlara qarşı qanunvericiliklə müəyyənləşdirilmiş tədbirlər görülməlidir. Belə ki, İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə inzibati orqan sayılan bələdiyyələrin pul tələblərinə dair inzibati aktları icrası məcburi sənəd sayılır və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə icra məmurları tərəfindən məcburi icra etdirilməlidir.

        “İnzibati icraat haqqında” Qanunun 82.1-ci və 87-ci maddələrinin tələbinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası  icra məmurları tərəfindən təmin edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

         Qanunun 82.3-cü maddəsində tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin aşağıdakı şərtləri müəyyən edilmişdir.

       - borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması;

       - pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi;

       - inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi.

        Qeyd edirik ki, pul tələbinin icraya yönəldilməsi üçün inzibatı akt göstərilən şərtlərə uyğun qəbul edilməlidir və  yalnız bu şərtlərin hamısı mövcud olduqda məcburi icra təmin edilə bilər. İnzibati aktın maraqlı şəxsə münasibətdə hüquqi qüvvəyə malik olması üçün bu barədə maraqlı şəxsə məlumatın verilməsi əsas şərtdir.

       “İcra haqqında” Qanunun 6.1-ci və 6.1.8-ci maddələrinə uyğun olaraq bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır.

        Həmin qanunun 7-ci maddəsinə görə icra sənədində aşağıdakı məlumatlar göstərilir:

      - icra sənədini verən orqanın adı;

      - icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri;

      - icra edilməli olan qərarın qəbul edildiyi vaxt;

     - tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri;

     - tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı;

     - qərarın nəticə hissəsi;

     - qərarın qüvvəyə mindiyi vaxt;

      - icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti.

       Həmin maddənin tələbinə görə icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir.

       Eyni zamanda, tələbin icraya yönəldilməsi haqqında qərar birmənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürüldüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inzibati icraat (mübahisələndirici) qaldırıla bilər. Bu qərarın qüvvəyə minməsindən ötrü inzibati akt üçün irəli sürülən tələb, yəni borcluya məlumat verilməsi (inzibati aktın rəsmi qaydada çatdırılması) vacibdir.

        Həmin Qanunun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır:

- borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;

- tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;

- tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;

- icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi;

           İcra haqqında” Qanunun 82-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. 

        Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

   İmişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi

  II- dərəcəli ədliyyə qulluqçusu

  Məhəddinov Rafiq Əhməd oğlu.