31 MART SOYQIRIMINI UNUTMURUQ !

        Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsində MART SOYIRIMI ilə bağlı anım tədbiri keçirilmişdir. İlk öncə regional idarənin rəisi İsgəndər Orucov qanlı faciənin tarixi haqqında çıxış etmişdir. Belə ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırım aktı törədildiyi vurğulanmışdır. Bu faciədə baş vermiş kütləvi qətliam sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla yanaşı, ən ağır beynəlxalq cinayət sayıldığı, həmçinin işğalçı düşmənin ötən dövrdə törətdiyi hərbi təxribatlar, dinc əhaliyə qarşı qəddarlıq erməni faşizminin təzahürü olduğu barədə kollektivə geniş məlumat verilmişdir. O cümlədən faciə ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən hər il soyqırım qurbanlarının xatirəsi yad edildiyi və nazirliyin bütün sturuktur qurumlarında müxtəlif silsilə tədbirlər təşkil edildiyi qeyd olunmuşdur.      

      Diqqətə çatdırılmışdır ki, bu qanlı faciəyə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 28 mart 1998-ci il tarixli “azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə uzun illər gizli saxlanılan bu ümumxalq faciə öz hüquqi-siyasi qiymətini almış və tarixi yaddaşımız bərpa olunmuşdur. Sonradan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad edərək, şəhidlərimizin, soyqırımı qurbanlarının qisasını aldığı, onların qanının yerdə qalmadığı, Azərbaycan xalqının bu soyqırımı heç zaman unutmayacağı, dəhşətli faciə qurbanların ruhunun hər zaman uca tutulacağı vurğulanmışdır.

       Sonda faciə ilə bağlı videoçarx izlənmiş və soyqırım qurbanlarının,  vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

     

      İMİŞLİ REGİONAL ƏDLİYYƏ İDARƏSİ