Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 aprel 2006-cı il
№ 391

 

Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında
ƏSASNAMƏ



I. ÜMUMİ MÜDDƏALAR

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Nazirlik fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.

5. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, rəsmi emblemə, müvafiq ştamplara və blanklara malikdir.

6. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

7. Nazirlik Bakı şəhərində yerləşir.

 

II. NAZİRLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

8. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

8.1. ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

8.2. ədliyyə sahəsinin inkişafını təmin edir;

8.3. hüquq-mühafizə fəaliyyətini həyata keçirir;

8.4. qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır;

8.5. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını təşkil edir;

8.6. notariat fəaliyyətini təşkil edir;

8.7. qeyri-kommersiya hüquqi şəxslərin, habelə təhsil müəssisələrinin dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin, habelə təhsil müəssisələrinin dövlət reyestrini aparır;

8.7-1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparır;

8.8. Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır;

8.9. qanunvericiliyə uyğun olaraq müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatnıı həyata keçirir;

8.10. məhkəmə qərarlarının icrasını təmin edir;

8.11. penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir;

8.12.  bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;

8.13. qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır;

8.14. hüquq sahələrinə dair elmi tədqiqat işlərini aparır;

8.15. məhkəmə ekspertizalarının keçirilməsini təşkil edir;

8.16. hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təmin edir;

8.16-1. ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təmin edir;

8.16-2. hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir;

8.17. hüquqi  maarifləndirmə işini həyata keçirir;

8.18. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;

8.19. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. NAZİRLİYİN VƏZİFƏLƏRİ

 

9. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

9.1. ədliyyə sahəsində islahatların aparılmasını təmin etmək və bu sahədə inkişafı sürətləndirmək məqsədilə dövlət proqramları hazırlamaq və onların yerinə yetirilməsi üçün müvafiq tədbirlər görmək;

9.2. digər dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

9.3. qüvvədə olan normativ hüquqi aktların yeni qəbul olunmuş qanunlara uyğunlaşdırılması barədə təkliflər hazırlamaq;

9.4. normativ hüquqi aktların və normativ xarakterli aktların layihələrinin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğunluğu barədə hüquqi rəylər vermək;

9.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların normativ xarakterli aktlarının dövlət qeydiyyatını həyata keçirmək, onların dövlət reyestrini aparmaq və nəşr etmək;

9.6. normativ hüquqi aktların nəzarət nüsxələri üzrə iş aparmaq, ədliyyə orqanları və məhkəmələrin normativ hüquqi aktlarla təchiz olunmasını həyata keçirmək, onlara normativ hüquqi aktların nəzarət vəziyyətində saxlanılması üçün kömək göstərmək;

9.7. normativ hüquqi aktların və normativ xarakterli aktların dövlət uçotunu həyata keçirmək;

9.8. ədliyyə sahəsində öz səlahiyyətləri çərçivəsində normativ tənzimlənəni həyata keçirmək;

9.9. notariat orqanlarının fəaliyyətini, vətəndaşlıq vəziyyəti aktlarının və qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasını təmin etmək, bu sahələrdə vəziyyəti öyrənmək, ümumiləşdirmək və müvafiq yoxlamalar aparmaq, bu sahələrdə göstərilən hüquqi xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri tədbirlər görmək;

9.10. notariat fəaliyyəti üzrə peşə hazırlığını müəyyən edən ixtisas komissiyasının fəaliyyətinin təşkilati təminatını həyata keçirmək;

9.11. qeyri-kommersiya hüquqi şəxslərin, habelə təhsil müəssisələrinin dövlət qeydiyyatı işini təşkil etmək və həyata keçirmək;

9.11-1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqlar aparmaq və onu bağlamaq;

9.12. qeyri-kommersiya hüquqi şəxslərin, habelə təhsil müəssisələrinin mərkəzləşdirilmiş dövlət reyestrini tərtib etmək, onun açıqlığını təmin etmək;

9.12-1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparmaq;

9.13. siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin, bölmələrinin fəaliyyətinin onların nizamnamələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu öyrənmək;

9.14. mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotunu aparmaq, qeyri-kommersiya hüquqi şəxslər tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələri (qərarları) qeydiyyata almaq;

9.15. Azərbaycan Respublikası əhalisinin dövlət reyestrinin  aparılmasını təşkil etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;

9.16. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq, bu sahədə yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əlaqələr yaratmaq;

9.17. qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətinin qorunması üçün tədbirlər görmək;

9.18. qanunvericiliyə uyğun olaraq müvafiq məhkəmələrin fəaliyyəti üçün zəruri şəraitin yaradılması, onların  maliyyə və digər maddi-texniki təminatı ilə bağlı tədbirləri həyata keçirmək;

9.19. müvafiq məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsini və müvafiq məhkəmələrdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təşkil etmək;

9.20. məhkəmə statistikası sahəsində statistik hesabat və ilkin uçot sənədlərinin formalarının müəyyənləşdirilməsini, statistik hesabatların yığılması, ümumiləşdirilməsi və təhlil olunmasını təmin etmək;

9.21. müvafiq hakimlərin əmək və sosial hüquqlarının həyata keçirilməsini təmin etmək;

9.22. məhkəmə qərarlarının, habelə qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasının təmin olunmasını təşkil etmək;

9.23. müvafiq icra məmurlarına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər görmək, onların fəaliyyətinə təşkilati və metodik rəhbərliyi həyata keçirmək;

9.24. penitensiar xidmətin fəaliyyətini təşkil etmək və penitensiar müəssisələrin idarə olunmasını, o cümlədən rejim qaydalarının, təhlükəsizlik tədbirlərinin, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsini təmin etmək;

9.25. cəzaları icra edən müəssisə və orqanların fəaliyyətinə, cəzaların icrası və həbsdə saxlama zamanı normativ hüquqi aktların tələblərinə, o cümlədən cəzaların çəkilməsi şərtlərinə əməl olunmasına nəzarəti həyata keçirmək;

9.26. cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin saxlanılması, mühafizəsi və müşayiət olunmasını təşkil etmək və bu sahələrdə nəzarəti həyata keçirmək;

9.27. şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində nəzarətin həyata keçirilməsini təşkil etmək;

9.28. məhkumların hüquqlarının müdafiəsini, onların maddi-məişət təminatının həyata keçirilməsini, habelə onlara tibb xidmətinin göstərilməsinin təmin olunmasını təşkil etmək;

9.29. bələdiyyələr tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək;

9.30. bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək və onlara metodoloji yardım göstərilməsi üzrə müvafiq tədbirlər görmək;

9.31. qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə ibtidai istintaq aparmaq və digər prosessual hərəkətləri həyata keçirmək;

9.32 qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;

9.32-1. qeyri-hökumət təşkilatlarına münasibətdə qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirmək;

9.32. məhkəmə ekspertizası aparılmasını, bu sahədə elmi-metodik və profilaktik işlərin həyata keçirilməsini təşkil etmək;

9.33. hüququn müxtəlif sahələrində elmi tədqiqat işlərinin aparılmasını təşkil etmək;

9.35. hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təşkil etmək;

9.35-1. ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təmin edir;

9.35-2. hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir;

9.36. hüquqi maarifləndirmə işinin aparılmasında iştirak etmək, öz fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yaymaq, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

9.37. informasiya və məsləhət təminatı işini təşkil etmək məqsədilə müvafiq tədbirlər görmək, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında  öz səlahiyyətləri daxilində məlumatlar (arayışlar) təqdim etmək;

9.38. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

9.39. hüquqi yardım haqqında beynəlxalq müqavilələrin hazırlanması və bağlanması ilə əlaqədar zəruri tədbirlər həyata keçirmək;

9.40. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təkliflərə və həmin müqavilələrin mətnlərinə dair rəy vermək;

9.42. xarici dövlətlərin müvafiq dövlət orqanlarına mülki, ailə və cinayət işlərinə dair hüquqi yardım göstərmək;

9.43. beynəlxalq təcrübə nəzərə alınmaqla, ədliyyə sahəsində elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

9.44. ədliyyə sahəsinə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

9.44-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;

9.45. Nazirliyin sistemində maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək, struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılması ilə əlaqədar müvafiq tədbirlər görmək;

9.46. ədliyyə orqanlarının və müvafiq məhkəmələrin ehtiyacları üçün əsaslı tikinti aparmaq, bununla bağlı layihə və smeta sənədlərini işləyib hazırlamaq və təsdiq etmək, qanunvericiliklə nəzərdə tutulmuş hallarda müsabiqə keçirmək, müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;

9.47. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

9.48. ədliyyə sahəsinə aid arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanılması və mühafizəsini təmin etmək;

9.49. Nazirliyin sistemində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi işinin təşkilini həyata keçirmək;

9.50. ədliyyə sahəsində kadr hazırlığını təmin etmək məqsədilə ədliyyə orqanlarının fəaliyyətini və əməkdaşların peşə hazırlığını mütəmadi yoxlamaq və zəruri tədbirlər görmək, Nazirliyin işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək, onları müvafiq kurs və treninqlərə cəlb və ezam etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək, müvafiq hakimlərin peşə hazırlığının artırılmasını təşkil etmək;

9.50-1. hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq etmək;

9.51. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

9.52. müvafiq əməkdaşların və hakimlərin silah, döyüş sursatı, xüsusi vasitələr və digər xüsusi əmlakla müəyyən edilmiş qaydada təmin olunması üçün tədbirlər görmək;

9.53. aparılan islahatlar nəticəsində funksional strukturun fəaliyyətini müasir tələblərə cavab verən yeni iş prosesləri əsasında təşkil etmək;

9.54. ədliyyə orqanlarının səlahiyyətinə aid olan işlərlə bağlı mərkəzləşdirilmiş uçot sistemlərini təşkil etmək, statistik hesabatları aparmaq;

9.55. ədliyyə işçilərinin əmək funksiyalarını icra etmələrinə nəzarəti həyata keçirmək;

9.56. vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını və onların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək;

9.57. ədliyyə orqanlarında qulluq keçmə və əmək münasibətləri haqqında qanunvericiliyin icrası üzrə tədbirlər görmək;

9.58. ədliyyə orqanları işçilərinin, habelə onların ailə üzvlərinin sosial müdafiəsi üzrə tədbirlər görmək, onlara tibb xidmətinin göstərilməsini təmin etmək, o cümlədən Nazirlik sistemi işçilərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə və digər tədbirləri həyata keçirmək;

9.59. müvafiq hakimlərin və ədliyyə əməkdaşlarının məcburi sığortasını, qanunla nəzərdə tutulmuş vəzifəli şəxslərin və onların yaxın qohumlarının dövlət müdafiəsini təmin etmək;

9.60. digər icra hakimiyyəti orqanlarının ədliyyə sahəsi ilə bağlı fəaliyyətini əlaqələndirmək;

9.61. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. NAZİRLİYİN HÜQUQLARI

 

10. Nazirlik öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

10.1. ədliyyə sahəsinə aid olan qanunvericilik aktlarının layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

10.2. ədliyyə sahəsində dövlət siyasətinin və idarəetmənin həyata keçirilməsi ilə bağlı ədliyyə orqanları üçün icrası məcburi olan  qərarlar, əmrlər, sərəncamlar vermək, qaydalar, təlimatlar və əsasnamələr qəbul etmək, zərurət olarsa, öz qərarlarını müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaq;

10.3. struktur bölmələrə normativ hüquqi aktlarla işin təşkilində əməli və metodiki kömək göstərmək, hüquqi biliklərin tətbiqini təşkil etmək;

10.4.  normativ xarakterli aktlar və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olmadıqda onların qüvvədən düşməsi, yaxud onlara əlavə və dəyişikliklərin edilməsi haqqında müvafiq orqanlar qarşısında məsələlər qaldırmaq;

10.5. notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə vermək, onun ləğv edilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək və ya onu qanunvericiliklə müəyyən edilmiş hallarda  ləğv etmək;

10.6. qeyri-kommersiya hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayılması barədə məhkəmədə iddia qaldırmaq;

10.6-1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamaların qeydiyyatını həyata keçirmək;

10.7. qanunvericiliklə nəzərdə tutulmuş hallarda siyasi partiyanın rəhbər orqanlarına yazılı xəbərdarlıq etmək, onlardan partiyanın nizamnaməsinə əməl olunması ilə bağlı məsələlər barəsində izahat almaq;

10.8. qanunvericiliklə nəzərdə tutulmuş hallarda qeyri-hökumət təşkilatlarına yazılı xəbərdarlıq etmək, onlara qanun və nizamnamə pozuntularını aradan qaldırmaq haqqında göstəriş vermək;

10.9. qanunvericiliklə nəzərdə tutulmuş hallarda siyasi partiyaların, qeyri - hökumət təşkilatlarının ləğv edilməsi  barədə məhkəmə qarşısında məsələ qaldırmaq;

10.9-1. qanunvericiliklə nəzərdə tutulmuş hallarda mətbu nəşrlərin fəaliyyətinin müvəqqəti dayandırılması, yaxud onların istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq;

10.10. müvafiq məhkəmələrdə məhkəmə statistikasının aparılması, məhkəmə qərarlarının icrası, kargüzarlığın təşkil edilməsi, normativ hüquqi aktların nəzarət nüsxələrinin saxlanılması, icra və əmək intizamına riayət olunması üzrə işin təşkili vəziyyətini yoxlamaq;

10.11. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq hakimlər haqqında intizam icraatına başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət etmək;

10.12. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq hakim vəzifəsinin icrasını müvəqqəti olaraq digər hakimə həvalə etmək;

10.13. hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasına öz səlahiyyətləri çərçivəsində toplanmış məlumatları təqdim etmək;

10.14. müvafiq məhkəmələrin xarici dövlətlərin məhkəmələri və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqəsinin həyata keçirilməsinə yardım etmək;

10.15. məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiətini təşkil etmək və penitensiar müəssisələrin mühafizəsini həyata keçirmək məqsədilə xüsusi bölmələr yaratmaq;

10.16. penitensiar müəssisələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirmək;

10.17. məhkumların təhlükəsizliyini və mühafizəsini təmin edən obyektlərin kino, foto və video çəkilişlərinə icazə vermək;

10.18. bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirərkən bələdiyyələrə onların fəaliyyəti üzrə təklif və tövsiyələri təqdim etmək;

10.19. yerli özünüidarəetmə sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi üçün bələdiyyələrə yardım etmək;

10.20. ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar qanunvericiliklə müəyyənləşdirilmiş hüquqları həyata keçirmək;

10.21. məhkəmələrə və istintaq orqanlarına kömək məqsədilə məhkəmə ekspertizasına dair metodiki vəsaitlər hazırlamaq;

10.23. Azərbaycan Respublikasının və xarici dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrində kadrların hazırlanması üzrə müqavilələr bağlamaq;

10.24. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı Azərbaycan Respublikası tərəfindən beynəlxalq təşkilatlara təqdim olunan dövri hesabatların  hazırlanmasında iştirak etmək;

10.25. beynəlxalq müqavilə layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu və onların hüquqi qüvvəsi məsələləri üzrə, habelə belə müqavilələrin qüvvəyə minməsi və yerinə yetirilməsi ilə bağlı digər məsələlər üzrə rəy vermək;

10.26. fəaliyyət istiqamətlərinə uyğun digər rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

10.27. ədliyyə sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər vermək;

10.28. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

10.29. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

10.30. Nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək;

10.31. ədliyyə sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

10.32. qanunvericiliklə müəyyən edilmiş qaydada mətbu nəşrlər təsis etməklə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, nəşriyyat-poliqrafiya fəaliyyətini həyata keçirmək;

10.33. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

10.34. Nazirliyin ehtiyacları üçün əsaslı tikinti aparılması, bina və tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək;

10.35. ədliyyə orqanları və müvafiq məhkəmə işçilərinin əmək şəraitinin, maddi təminatının və sosial-məişət xidmətinin yaxşılaşdırılması barədə təkliflər vermək;

10.36. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. NAZİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

11.  Nazirliyin aparatı və onun strukturuna daxil olan penitensiar xidmət, Nazirliyin yerli, regional qurumlan, təhsil müəssisələri, elm, ekspertiza və tibb idarələri, mətbuat orqanları, digər təyinatlı qurumlar, həmçinin Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir.

Nazirlik ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.

12.  Nazirliyin strukturu və işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

13.  Nazirliyin sistemində qulluq keçmə qaydaları və şərtləri, Nazirliyin vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

14.  Nazirliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının ədliyyə naziri (bundan sonra - Nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

15.  Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır.

Nazir müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

16. Nazir:

16.1. Nazirliyin işini təşkil edir və ona rəhbərlik edir;

16.2. müavinləri arasında vəzifə bölgüsünü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, istehsalat-təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

16.3. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir, onların fəaliyyətinə nəzarəti təşkil edir və işinin əlaqələndirilməsini təmin edir;

16.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının, habelə müvafiq məhkəmə aparatlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

16.4-1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla nazirliyin baş idarələrinin və idarələrinin rəislərini vəzifəyə təyin və vəzifədən azad edir;

16.5. Nazirliyin aparatının işçilərini, yerli və digər orqanlarının rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

16.5-1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektorunun vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir, rektorun təqdimatına əsasən Ədliyyə Akademiyasının prorektorlarını vəzifəyə təyin edir;

16.6. ədliyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təklifləri, qanun və digər normativ hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

16.7. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

16.8. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

16.9. Nazirliyi təmsil edir;

16.10. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlan ilə münasibətlərdə Nazirliyi təmsil edir, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri, o cümlədən beynəlxalq təşkilatlarla hüquqi yardım haqqında beynəlxalq müqavilələri imzalayır;

16.10-1. ədliyyə sisteminin inkişafı sahəsində göstərdikləri səmərəli əməkdaşlığa və verdikləri töhfələrə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələrini və ölkə vətəndaşlarını fəxri fərman və xatirə nişanı ilə təltif edir;

16.10-2. qanuna uyğun olaraq “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edir;

16.11. Nazirliyin işçilərinin ümumi say tərkibi və strukturu barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

16.12. öz səlahiyyətləri daxilində korrupsiyaya qarşı tədbirlər görür, maraqların toqquşması hallarının yaranması və vəzifəli şəxslərin maraqların toqquşması şəraitində vəzifələrini icra etmələrinin qarşısını alır;

16.13. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

16.14. dövlət büdcəsindən ayrılmış vəsait və ştat sayı hüdudlarında müəyyən olunmuş qaydada tabeliyində olan qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə müvafiq qərarlar qəbul edir;

16.15. dövlət büdcəsindən ayrılan vəsaitlərin, büdcədənkənar xüsusi vəsaitlərin, o cümlədən xarici valyutanın sərəncamçısı olmaqla, maliyyə vəsaitini tabeliyindəki qurumlar arasında bölüşdürür, ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına əlavələr, o cümlədən qulluq stajına, xüsusi rütbələrə və ixtisas dərəcələrinə görə əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

16.16.  ədliyyə işçilərinin geyim formasının, fərqlənmə nişanlarının və ədliyyə orqanlarının rəmzlərinin təsis edilməsi barədə Azərbaycan Respublikası Prezidentinə təkliflər verir;

16.17. ədliyyə orqanlarına işə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi məsələsini həll edir;

16.18. ədliyyə orqanları işçilərinə xüsusi rütbələr və ixtisas dərəcələri verir, ali xüsusi rütbələr verilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

16.19. Nazirliyin daxili təhlükəsizliyinin təminatı məsələləri ilə əlaqədar qərarlar qəbul edir;

16.20. Məhkəmə-Hüquq Şurasının üzvü olmaqla onun işində iştirak edir;

16.21. Ali Məhkəmənin Plenumunun iclaslarında iştirak edir;

16.22. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

17. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə tapşıra bilər.

18. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Kollegiyanın üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

19. Kollegiyanın iclaslarında ədliyyə orqanlarının fəaliyyətinin əsas istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri, normativ hüquqi aktların layihələri müzakirə edilir, digər mühüm məsələlərə baxılır və müvafiq qərarlar qəbul edilir.

20. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yandan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

21. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.

22. Kollegiyanın iclasları nazir tərəfindən mütəmadi olaraq çağırılır.

23. Kollegiyanın iş qaydasını nazir müəyyənləşdirir.

24. Nazirliyin kollegiyasının üzvləri və nazir arasında fikir aynlığı yarandığı hallarda, nazir bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verərək öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Prezidentinə çatdıra bilərlər.

25. Kollegiyada müzakirə edilən məsələlər üzrə ədliyyə işçiləri üçün icrası məcburi olan qərarlar qəbul edilir. Kollegiyanın qərarlarının icrası üzrə əmrlər verilə bilər.

26. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.