Vətən müharibəsində şəhid olan Fəxri ədliyyə işçisi Ruhin Xəlilovun xatirəsi anılıb, ruhuna dualar oxunub.

 İmişli Regional Ədliyyə İdarəsində keçirilmiş anım mərasimində idarə rəhbərliyi və yerli ədliyyə qurumlarının əməkdaşları iştirak ediblər. Əvvəlcə şəhid Ruhinin xatirəsinə açılan guşəyə gül dəstələri düzülüb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

   Çıxışlarda 44 günlük Zəfər yürüşündən söhbət açılıb, haqq savaşında hərbçilərimizlə yanaşı, qismən səfərbərlik əsasında cəbhəyə yollanan ədliyyə işçilərinin də qəhrəmanlıqla döyüşdükləri diqqətə çatdırılıb. Bildirilib ki, peşəsini silaha dəyişərək cəbhəyə yollananlar sırasında Ruhin Xəlilov da yer alıb. Ruhin Müzəffər oğlu Xəlilov 1987-ci il martın 13-də Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub, erməni silahlı qüvvələri tərəfindən həmin rayonun işğalı nəticəsində məcburi köçkün düşərək, ailəsi ilə birgə Abşeron rayonunda məskunlaşıb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilən Ruhin orta məktəbdə də istedadı ilə fərqlənib. Hüquqşünaslıq ixtisası üzrə ali təhsil alan Ruhin ədliyyə orqanlarına qulluğa qəbul olunub. Bir müddət icra məmuru vəzifəsində çalışıb, nümunəvi fəaliyyəti ilə fərqlənərək sonradan Ədliyyə Nazirliyinin aparatında peşəsini davam etdirib. 2018-2019-cu illərdə İmişli icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edib. Xidməti fəaliyyəti dövründə zəhmətsevərliyi, davranışı ilə kollektivin rəğbətini qazanan Ruhin Xəlilov Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanıb. Torpaqlarımızın azad olunması uğrunda aparılan müharibədə fədakarcasına iştirak edən Ruhin Xəlilov Füzuli Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və bir çox uğurlu tapşırıqların icrasında şücaəti ilə seçilib. Ruhinin son döyüşü isə Qubadlı rayonu ətrafında olub. Mərdlik və şücaət göstərərək qəhrəmancasına vuruşan Ruhin oktyabrın 21-də şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Həmçinin ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə, habelə əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyinə görə Ruhin Xəlilova ölümündən sonra “Fəxri ədliyyə işçisi” adı verilib.