Ədliyyə naziri vətəndaşların videoqəbulunu keçirib

       Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qlobal pandemiyaya qarşı qəti tədbirlər görülür, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri preventiv və profilaktik işlər aparılır, kütləvi tədbirlərlə yanaşı açıq qəbullar təxirə salınıb.

     Bu məqsədlə vətəndaşların müraciətlərinə elektron qaydada, o cümlədən sosial media vasitəsilə, habelə “qaynar xətt”lərə edilən müraciətlərinə baxılması təmin edilir, nazirliyin və struktur qurumların rəhbərliyi tərəfindən davamlı olaraq müasir İKT-lər tətbiq olunmaqla videoformatda qəbullar keçirilir.

     Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq avqustun 27-də Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoqəbulu keçirilib.

      Gəncə, Şəki, Şirvan, Sumqayıt və İmişli regional ədliyyə idarələri vasitəsilə qəbula yazılmış vətəndaşların videokonfrans formatında ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

     Bölgə sakinləri pandemiya şəraitində vətəndaşların müraciətlərinin dinlənilməsinin videokonfrans şəkildə təşkilindən məmnunluqlarını bildirib, onların qayğılarına həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.