Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı tədbir

 Ümummilli lider Heydər Əliyevin 95 illik yubleyi ilə əlaqədar 10 may 2018-ci il tarixdə İmişli regional ədliyyə idarəsində idarənin əməkdaşları və İmişlidə fəaliyyət göstərən digər ədliyyə orqanlarının əməkdaşlarının iştirakı ilə tədbir həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov bildirib ki, Ümummilli Liderin zəngin təcrübəsindən müstəqil dövlət quruculuğu prosesində bundan sonar da bəhrələniləcək, dövlət quruculuğunun bütün istiqamətləri üzrə əldə edilən nailiyyətlərdə məhz onun ideyalarının həyata keçməsi dayanır. 1993-cü ildə, xalqın təkidli tələbi ilə ulu öndərimiz 2-ci dəfə Azərbaycana rəhbərliyə gələndə, ölkəmiz, vətəndaş müharibəsi həddində idi. Bütün bölgələrdə ayrı-ayrı adamlara xidmət göstərən silahlı birləşmələr var idi. Qanunlar işləmirdi, özbaşınalıq, anarxiya, vəzifə uğrunda gedən çəkişmələr, o vaxtkı rəhbərlərin yalnız özlərini düşünmələri bütün xalqı bezdirmişdi. Bax belə bir şəraitdə Heydər Əliyev xeyli təkiddən sonra, bir lider kimi Azərbaycana rəhbərlik etməyə razılıq verdi və dərhal da, əməli işə keçdi. Qısa bir müddətdə silahlı dəstələr zərərsizləşdirildi. Qanunlar bərpa olundu, əmin-amanlıq sabitlik yarandı. Ulu öndərimiz o çətin dövrdə, öz şəxsi nüfuzundan istifadə edərək, dünyanın aparıcı dövlətlərini Azərbaycana dəvət etdi. 2 il ərzində neft, qaz və digər iqtisadi sahələrdə 21 beynəlxalq layihə imzalandı. Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzuna görə, xarici dövlətlər Azərbaycana küllü miqdarda sərmayə qoymağa başladılar. Ulu Öndər Heydər Əliyev Azərbaycanda kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın, sənayenin inkişafına da nail oldu. Bakıda, Gəncədə, Sumqayıtda o cümlədən Gəncədə ən iri sənaye müəssisələri, fabriklər, zavodlar tikildi. Əhali üçün yeni iş yerləri açıldı, vətəndaşlarımızın sosial rifahı günbəgün artmağa başladı və bu gün də bu uğurlu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Tədbirdə ümummilli lider Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğunda, müasir hüquq sisteminin formalaşması və inkişafında müstəsna rolundan geniş bəhs olunub. Daha sonra İmişli regional ədliyyə idarəsininin əməkdaşları tərəfindən Ulu Öndərin təməlini qoyduğu mütərəqqi ədliyyə və məhkəmə islahatlarının nailiyyətləri barədə ətraflı danılıb. İmişli rayon qeydiyyat şöbəsinin rəisi Səfa Baxış da ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın daha möhkəm qurulması istiqamətində fəaliyyətində bəhs edib.