Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Bu gün İmişli regional ədliyyə idarəsində idarənin, İmişli rayon icra və probasiya şöbəsinin və İmişli rayon qeydiyyat şöbəsinin əməkdaşlarının iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

İmişli regional ədliyyə idarəsinin rəisi, baş ədliyyə müşaviri Hakim Məmmədov tədbirdə çıxış edərək bildiridi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən  Xocalı şəhərinin işğalı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Daha sonra H.Məmmədov bildirmişdir ki, bu gün Xocalı faciəsinin Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırım kimi dünya birliyində tanıdılması istiqamətində böyük işlər aparılır. Soyqırımın dunyaya tanıdılması xalqını sevən hər bir azərbaycanlının borcudur. Azərbaycan xalqı ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlardan istifadə edir, o cümlədən torpaqlarının güc yolu ilə geri qaytarılması hüququnu özündə saxlayır. Dövlətimiz lazım gəldikdə bu hüquqdan istifadə edəcəkdir. Buna hüquq normaları, BMT, ATƏT və digər təşkilatların qətnamələri, müstəqil Azərbaycanın iqtisadi gücü və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi imkan verir.

Tədbirdə İmişli regional ədliyyə idarəsinin aparıcı məsləhətcisi İlkin Savalan,  aparıcı məsləhətçisi Ruslan İsmayılov, rayon Qeydiyyat şöbəsinin rəisi Səva Baxış və digər əməkdaşlar cıxışlar edərək Xocalı soyqırımının dünyaya tanıdılması, soyqırımın baş verməsi səbəbləri ilə bağlı öz mülahizələrini bölüşdülər.