Füzuli rayonu Horadiz şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.

Noyabr ayının 24-də Füzuli rayonu Horadiz şəhərində Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə bələdiyyə nümayəndələri üçün seminar keçirilib.

İdarənin rəisi Hakim Məmmədov seminarda çıxış edərək Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Hakim Məmmədov və idarənin əməkdaşı Ruslan İsmayılov seminar iştirakçılarına bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının yerli özünüidarənin rolunu gücləndirməsi, bələdiyyə aktlarının qəbulu və icrası, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, nağdsız hesablaşmalar və onların məqsədi, bələdiyyə qulluğu və bu qulluğa qəbulun xüsusiyyətləri, bələdiyyə torpaqlarının idarə olunmasının əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri mövzularında ətraflı məlumat veriblər.

Seminarda İmişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.