Ulu Öndərin Əziz Xatisərinə Regional İdarədə Qanvermə Aksiyası

     Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Ulu Öndərin əziz xatirəsinə həsr olunan tədbirlər davam etdirilir.

     Bu münasibətlə nazirliyin İmişli regional ədliyyə idarəsində könüllü qanvermə aksiyası təşkil edilib.

     Qeyd olunmalıdır ki, ölkəmizdə əhalinin sağlamlığının qorunmasına, hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanların qabaqcıl dünya təcrübəsinə uyğun müalicə olunmasına xüsusi diqqət yetirilərək, bu sahədə məqsədyönlü tədbirlər görülür. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə könüllü qanvermə aksiyaları keçirilir.

     Həyata keçirilən tədbirlər insanların donor qanına ehtiyacı probleminin həllinə, qeyd olunan xəstəliklərin effektiv müalicəsinə xidmət edir. Bu cür nəcib və xeyirxah tədbirlərdə ədliyyə işçiləri hər zaman fəallıq nümayiş etdirərək mütəmadi qanvermə aksiyalarına qoşulurlar.

     Novruz bayramı ərəfəsində Mərkəzi Qan Bankının dəstəyi ilə regional idarədə keçirilən tədbirdə qanalma əməliyyatının aparılması üçün zəruri tibbi ləvazimatlar təmin olunub. Aksiyada bölgədə fəaliyyət göstərən ədliyyə qurumlarının məsul şəxsləri, hakimlər, prokurorlar, hüquq-mühafizə orqanlarının, məhkəmə aparatının işçiləri, İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təmsilçiləri, bələdiyyə üzv və qulluqçuları, eyni zamanda Vətən müharibəsi şəhidinin atası iştirak edərək könüllü qan veriblər.

     Aksiya iştirakçıları toplanan qanın xəstəlikdən əziyyət çəkən şəxslərə kömək olmasını arzulayıb, qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini ifadə ediblər.