Ağacəkmə aksiyası və abadlıq işləri

     Bildiyimiz kimi ölkə başçısı, Ali baş komandan cənab İlham Əliyevin 29.09.2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Bununla bağlı ölkə ərazisində mütəmadi tədbirlər təşkil edilməklə dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram nümayiş etdirilməkdədir.

     Ümumilli liderin bizə əmanət qoyduğu dövləti əbədi yaşatmaq, onun ruhuna dərin ehtiramı göstərmək məqsədilə Ədliyyə Nazirliyinin bütün struktur qurumlarında, eləcə də İmişli regional ədliyyə idarəsində silsilə tədbirlər keçirilir.

     Bu tədbirlərin bir hissəsi kimi “Heydər Əliyev İli” çərçivəsində 14.03.2023-cü il tarixdə regional idarənin inzibati binası ətrafında ağacəkmə və abadlıq işləri görülmüşdür. Bu aksiyada  əsas məqsədin ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

     Dahi şəxsiyyətin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

     Habelə aksiyanın sonunda torpaq çərşənbəsi münasibəti ilə çay süfrəsi təşkil edilmiş və bayram tonqalı qalanmışdır. 

         

 

     Ədliyyə Nazirliyinin

     İmişli regional ədliyyə idarəsi