Qalib xalqın Ədliyyə işçiləri peşə gününü qeyd edirlər

             Müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün — 22 noyabr ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir. Bu bayramı ədliyyə işçiləri hər il böyük ruh yüksəkliyi ilə geniş qeyd edirlər. Ədliyyə orqanlarının keçirdiyi şərəfli, eyni zamanda, çətin və fədakar yol çoxəsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir. Müstəqil dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində müstəsna rol oynamış Azərbaycan Ədliyyəsinin bayramı bu baxımdan yalnız ədliyyə işçiləri üçün deyil, hər bir vətəndaşımız üçün əlamətdardır. Belə ki, ədliyyə sistemi hər bir dövlətin, xüsusən də demokratik–hüquqi cəmiyyətin aparıcı qüvvəsidir. Bu gün biz fəxrlə deyə bilərik ki, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan dövləti möhkəm təməllər üzərində qurulmuş və müasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən ədliyyə sisteminə malikdir.

Hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi bələdiyyələrə metodiki köməklik və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirir,  ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;  ədliyyə sahəsinin inkişafını təmin edir; hüquq-mühafizə fəaliyyətini həyata keçirir; qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını təşkil edir; notariat fəaliyyətini təşkil edir; qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət reyestrini aparır;sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparır; Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır; dəfnlərin vahid dövlət reyestrini aparır;qanunvericiliyə uyğun olaraq müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir; məhkəmə qərarlarının icrasını təmin edir; probasiya nəzarətinin həyata keçirilməsini təmin edir; penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir; bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir; qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır; hüquq sahələrinə dair elmi tədqiqat işlərini aparır; tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edir; özəl məhkəmə eksperti şəhadətnaməsini verir; Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparır; hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təmin edir; ilk dəfə ədliyyə, orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təmin edir; hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir;  hüquqi maarifləndirmə işini həyata keçirir; Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

            Bununla yanaşı mənim hazırda çalışdığım iş yeri üzrə Regional ədliyyə idarələrinin faəliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 19 aprel 2022-ci il tarixli 4-N №-li qərarı ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri haqqında yeni Əsasnamə” təsdiq edilmişdir. Bunun nəticəsində yerli ədliyyə qurumları ilə işin səmərəliliyi artırılmış, idarəetmədə çeviklik və əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi təmin olunmuş, vətəndaşların ədliyyə orqanlarına əlçatanlıq imkanları xeyli yaxşılaşdırılmışdır. Yerli ədliyyə qurumlarının işinin əlaqələndirilməsi və digər mühüm funksiyaların həyata keçirilməsində regional ədliyyə idarələrinin fəaliyyətini daha da gücləndirilməsinə zərurət yaranmışdır. Həmin Əsasnamədə regional idarənin fəaliyyət istiqamətləri (müvafiq ərazi vahidlərində aşağıdakı ədliyyə qurumlarının işini əlaqələndirir və onların fəaliyyətinə nəzarət edir:qeydiyyat şöbələrinin, onların bölmələrinin; icra xidmətinin idarə və şöbələrinin; probasiya xidmətinin idarə və şöbələrinin; Məhkəmə Ekspertizası Mərkəzinin regional bölmələrinin; notariat ofislərinin; penitensiar müəssisələrin cəzaların icrası sahəsindəki fəaliyyətini öyrənir, nəzarət funksiyalarını həyata keçirir, bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək və onlara metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirir; Nazirliyin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə ibtidai istintaqı aparır;  mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsində iştirak edir; Bu Əsasnamə ilə müəyyən edilmiş hallarda müvafiq məhkəmələrlə iş aparır; yerli ədliyyə qurumlarının və müvafiq məhkəmələrin informasiya texnologiyaları üzrə məsələlərinin həllində iştirak edir və bu sahədə işi Nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsi ilə əlaqələndirir; kommunikasiya strategiyasının həyata keçirilməsində iştirak edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir) göstərilmişdir.

           Bundan əlavə 26 may və 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən müvafiq Fərmanlar imzalanmaqla "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarının inkişafı haqqında" Qanunlar qəbul olunmuşdur. Həyata keçirilmiş islahatlar nəticəsində Ədliyyə orqanlarına qəbul prosesi durmadan inkişaf etdirilmiş və 2006-cı ildən sonra isə ədliyyə orqanlarında xidmətə qəbul prosesi müsabiqə yolu ilə aparılmağa başlanmışdır. Sənədlərin qəbul edilməsi prosesinin optimallaşdırılması və imtahan prosesinin internet üzərindən canlı yayımlanması ədliyyə orqanlarında qulluğa qəbulun təkmilləşdirilməsinin təzahürüdür.

            Bu günlər biz ədliyyə işçiləri üçün ikiqat bayramdır. İkinci Qarabağ Müharibəsinin qalibi kimi, həm də peşə bayramımızı qeyd edirik. 8 noyabr tariximizə “Zəfər Günü” kimi daxil oldu. Bizə qürur və fəxarət yaşadan bir qələbə! Bu hissləri, bu sevinci bizə yaşadan, Uca Allaha, Ali Baş Komandanımıza və millətimizə sonsuz minnətdarıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu  silahlı  qüvvələrini  darmadağın  edərək,  böyük  zəfərə imza  atdı. İkinci Vətən müharibəsində iştirak etmiş, ədliyyə kapitanı rütbəsini “Şəhidlik” rütbəsinə qurban vermiş və ilk ədliyyə şəhidi Xəlilov Ruhin Müzəffər oğlu olmuşdur. Ədliyyənin fəxri əməkdaşı Ruhin Xəlilova və bütün şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

          Həmçinin Azərbaycan Ordusu və xalqımız düşmən üzərində həlledici qələbə qazandı. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan nəhayət ki, ölkəmiz qarşısında diz çökdü. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi qələbə Azərbaycanın qüdrətini bütün dünyaya sübut etdi. Dünya ölkələri bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm döyüş bacarığını, həm onun diplomatik gücünü gördü və biz həqiqəti dünyaya çatdırmağa nail olduq. Azərbaycan Böyük qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Buna Ali Baş Komandan, məğlubedilməz Sərkərdə İlham Əliyev nail oldu. Döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı respublikanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.

           Xüsusilə qeyd edilməlidir ki, qələbəmizin qazanılmasında qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin çox böyük əhəmiyyəti oldu. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə həmişə bir-birinin yanında olublar.Bu fakt bir daha Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının əyani göstəricisidir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.

           “Tikmədim özüm qalım, tikdim ki, izim qala” -19.10.2022-ci il tarixdə İmişli regional ədliyyə idarəsinin inzibati binasının qabağında “şəhidlərin xatirəsinə inşa edilmiş fəvvarə”nin açılışı olmuşdur. Şəhid ailələri, qazilər və rayon sakinləri dəfələrlə İmişli regional ədliyyə idarəsinin rəhbərliyinə fərdi və kollektiv şəkildə yaxınlaşaraq şəhidlərin xatirəsi üçün inşa edilmiş bulağın tikilməsini yüksək qiymətləndirmişlər və Ədliyyə Nazirliyinin rəhbərliyinə, idarənin rəhbərinə və kollektivinə öz təşəkkürlərini ifadə etmişlər.          

          Bütün ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edir, onlara mühüm və şərəfli işlərində uğurlar arzulayıram!

 

 

 

 

İmişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi

II- dərəcəli ədliyyə qulluqçusu

 

Məhəddinov Rafiq Əhməd oğlu.