27 sentyabr “Anım Günü”nün xalqımız və ölkəmiz üçün əhəmiyyəti

 

    Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr hər il “Anım Günü” kimi təsis edilmişdir. Vətən müharibəsində şücaətlə vuruşmuş, torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda etmiş qəhrəman oğullarımıza, o cümlədən bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

    2020-ci il Azərbaycan üçün mühüm hadisələrin baş verdiyi il olmuşdur. Sentyabrın 27-də sürətli əks-hücuma keçən Azərbaycan ordusu düşmənin müdafiə xəttini yararaq işğal altında olan ərazilərimizi işğalçılardan azad etməyə başladı. Azərbaycan 44 günlük müharibə dövründə “Dəmir yumruq” əməliyyatı həyata keçirməklə erməni qəsbkarlarını darmadağın etdi. Nəticədə Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu.

    İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək, Azərbaycan xalqına böyük qələbə bəxş etdilər. 27 sentyabr Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiram, sonsuz sevgi və qürurla yad edirik!

    Azərbaycan Prezidenti Vətən müharibəsinin başa çatması münasibətilə xalqa müraciətində bunları bildirmişdir: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

    Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da şəhidlərimizə hörmət və ehtiramını bu sözlərlə ifadə etmişdir: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq”.

    Şübhəsiz ki, Azərbaycanın xarici və daxili siyasət baxımından 2020-ci ildə əldə etdiyi ən mühüm nailiyyət sentyabrın 27-də başlanan və 44 gün davam edən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi əməliyyatıdır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi davam etmiş 2-ci Qarabağ müharibəsi münaqişənin 30 ilə yaxın diplomatik yolla həll oluna bilməməsi fonunda baş vermiş və Azərbaycan ordusunun müstəsna uğurları ilə nəticələnmişdir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli birgə bəyanat isə Dağlıq Qarabağ münaqişəsinə köklü dəyişiklik gətirmişdir. Sözügedən birgə bəyanatın maddələri tərəflər üçün fərqli mənalar ifadə edir. Birgə bəyanat Azərbaycan üçün uğurlu hesab olunsa da, Ermənistan barədə bunu söyləmək olmaz. Birgə bəyanatı imzalamış Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan xalqının müxtəlif təhqirləri və şiddətli reaksiyaları ilə üzləşmişdir.

    Belə ki, Yerevandakı Azadlıq Meydanında minlərlə etirazçı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mitinqləri qadağan edən hərbi vəziyyət rejimini pozaraq kütləvi şəkildə “Nikol satqındır”, “Nikol get” kimi şüarlar səsləndirmişlər. Birgə bəyanatın müddəalarına əsasən, Azərbaycan işğal olunmuş Qarabağ bölgəsində öz suverenliyini bərpa etməli; Rusiya sülhməramlıları Laçın dəhlizində və digər ərazilərdə yerləşdirilməli; Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvana birləşdirəcək dəhliz açılmalıdır. Qeyd etmək lazımdır ki, 44 günlük müharibədən sonra əldə edilən Birgə bəyanatda Dağlıq Qarabağın statusuna dair hər hansı müddəa yer almamışdır.

    44 günlük müharibə Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi vəziyyəti kökündən dəyişdirmiş, eləcə də yeni reallıqlar və regional əməkdaşlıqla bağlı yeni imkanlar yaratmışdır.

    Müharibə zamanı Azərbaycan 5 şəhər, 4 qəsəbə, 286 kənd və Azərbaycan-İran sərhədini işğaldan azad etmiş, 10 noyabr tarixli birgə bəyanata əsasən, dekabrın 11-dək daha 3 şəhər Azərbaycana qaytarılmışdır. Bundan əlavə, 10 noyabr 2020-ci il tarixli birgə bəyanata əsasən, “Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadasına son qoyulmalıdır. Ermənistan Respublikası Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verməlidir. Sözü gedən dəhliz Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcək, nəzəri cəhətdən Türkiyəni Naxçıvan, Azərbaycanın qalan hissəsi və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə birləşdirəcəkdir.

    Yekun olaraq belə qənaətə gəlmək olar ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazda geosiyasi və geoiqtisadi ab-havanın dəyişməsi ilə yanaşı, bu regionda yeni qüvvələr balansının formalaşmasına da öz töhfəsini vermişdir. Əgər müharibə başlamazdan əvvəl ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bütövlükdə status-kvonu saxlamağa çalışırdılarsa, indi vəziyyət tamamilə dəyişmişdir.

    10 noyabr bəyannaməsi ilə başa çatmış 44 günlük Qarabağ müharibəsinin Azərbaycan Respublikası üçün həm regional, həm də qlobal miqyasda böyük nəticələri olmuşdur. Əvvəla, noyabrın 10-da qəbul edilmiş birgə bəyanat bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq və dövlətlərarası xarakter daşıdığını göstərmişdir. Qondarma “Artsax Respublikası” birgə bəyanatda hər hansı tərəf kimi qeyd edilməmişdir. Bu da öz növbəsində Qarabağ münaqişəsinin Azərbaycanın daxili problemi deyil, Ermənistanla Azərbaycan arasında dövlətlərarası münaqişə olması anlamına gəlir.

    Bundan əlavə, ikinci Qarabağ müharibəsinin daha bir regional nəticəsini qeyd etmək lazımdır. İran İslam Respublikası ilə dövlət sərhədimizin 132 kilometrlik hissəsi işğaldan azad edilmiş, orada sərhəd zastavaları yaradılmışdır. Bu, həm siyasi, həm də qeyri-siyasi baxımdan beynəlxalq aləmdə böyük hadisədir. Otuz ilə yaxındır ki, bu sahələrdə transmilli cinayətkarlığın bəzi təzahürləri, xüsusən də narkotik vasitələrin qanunsuz dövriyyəsi və logistikası kriminal əməkdaşlıq formasında geniş şəkildə təşəkkül tapmış və həyata keçirilmişdir. Artıq bu baxımdan da işğaldan azad olunmuş ərazilərdə qanunun gücü və hüquqi yurisdiksiya bərpa olunmuş, cinayət təzahürləri aradan qaldırılmışdır.

   Öz növbəsində, digər nəticə beynəlxalq terrorizmin qarşısının alınması ilə bağlıdır. İşğaldan azad edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyət, eləcə də terrorçu cinayətkar qrupların məskunlaşdırılmasına (Yaxın Şərqdən, xüsusilə Suriyadan, Livandan və digər ölkələrdən erməni ailələrinin yerləşdirilməsi yolu ilə ərazilərin erməniləşdirilməsinə) son qoyulmuşdur.

    44 günlük müharibənin digər mühüm nəticəsi də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru yolunun açılmasının nəzərdə tutulmasıdır. Bu da öz növbəsində təkcə regional deyil, həm də kontinental əhəmiyyətə malikdir. Belə ki, Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan Türkiyəyə, eləcə də əks istiqamətdə Türkiyədən Azərbaycana birbaşa quru nəqliyyat marşrutları yaradılacaq. Daha qlobal kontekstdə baxsaq, Türkiyə-Cənubi Qafqaz-Orta Asiya-Çin arasında nəhəng “türk zolağı” bərqərar olacaq. Bu, həm də yeni İpək Yolunda logistik fəaliyyətlərlə bağlı kursun müəyyən edilməsində çox mühüm addımdır. Yəni Azərbaycan iqtisadiyyatı bu dəhliz vasitəsilə yeni mərhələyə qədəm qoyacaq.

    Şübhəsiz ki, bu sahədə baş verən dəyişikliklər Cənubi Qafqazda nəqliyyat infrastrukturu xətlərinin və qovşaqlarının bərpası ilə yanaşı, həm dövlətdaxili və ölkələrarası, həm də regiondaxili və regionlararası ticarət-iqtisadi əlaqələrə mühüm təsir göstərəcək. Bu, Azərbaycana Türkiyə ərazisindən qərbə və İrandan keçməklə cənuba yük daşımalarını şaxələndirmək imkanları yaradacaq.

    İkinci Qarabağ savaşı nəticəsində işğaldan azad edilmiş ərazilərin Azərbaycanın nəzarətinə keçməsinin ölkəmiz üçün mühüm müsbət nəticələrdən biri də təbii sərvətlərinin mənimsənilməsi, bu ərazilərin rekreasiya potensialının ölkəmizin və xalqımızın mənafeyi naminə istifadəsinin təmin edilməsi olmuşdur.  Belə ki, faydalı qazıntılar, xüsusilə qızıl və s. üzərində nəzarətin bərpa olunması da ölkəmiz üçün mühüm müsbət nəticələrdən biridir və Azərbaycanın regional üstünlüyünə öz töhfəsini verməkdədir.

    Burada bir mühüm məqamı da vurğulamaq lazımdır. 44 günlük müharibədən sonrakı qələbə həm də qlobal baxımdan böyük qələbədir, çünki bununla Azərbaycan ermənilərin 200 illik “dənizdən-dənizə” sərsəm xülyalarına, “Böyük Ermənistan” iddialarına son qoymuşdur. Bu gün təkcə erməni xalqı deyil, dünyadakı bütün erməni diaspor təşkilatları çox ciddi məğlubiyyət sindromu yaşayır. Son günlər Azərbaycana qarşı törədilmiş təxribatlar da qismən bu cür revanşist əhval-ruhiyyədən qaynaqlanır.

    İnvestisiya və ticarət əlaqələrinə gəlincə, xarici siyasətdə dəyişikliklər beynəlxalq ticarət əlaqələrində və investisiya əməkdaşlığında əhəmiyyətli dəyişikliklərə səbəb olacaqdır. Dağlıq Qarabağdakı mövcud vəziyyət regionda beynəlxalq və daxili inteqrasiya proseslərinə də ciddi təsir göstərəcək.

    Geosiyasi nöqteyi-nəzərdən baxdıqda deyə bilərik ki, İkinci Qarabağ Müharibəsi Türkiyə ilə Azərbaycan arasında hərbi, siyasi, iqtisadi və mədəni inteqrasiya prosesini sürətləndirəcək. Azərbaycanın Türkiyə ilə sıx iqtisadi əlaqələri daha da genişlənəcək və iki qardaş ölkənin Ermənistan bazarına nüfuz imkanları yarana və genişlənə bilər.

    Vətən Müharibəsinin uğurla başa çatması regionda qüvvələr balansını dəyişmiş və yeni geosiyasi reallıq yaratmışdır. İndi danışıqlar masasında biz tək deyilik, Qardaş Türkiyə də bizimlədir. Türkiyə hərbçiləri Qarabağda atəşkəs rejiminə əməl olunmasına da nəzarət edirlər. Ankaradan mesajlar gəlməkdə davam edir: “Biz hər zaman Azərbaycanın yanında olacağıq”. Bu siyasi və mənəvi dəstək qüvvələrimizi gücləndirir və erməni havadarlarının müdaxiləsinin qarşısını alır. Azərbaycan və Türkiyə prezidentləri bir-birinə qardaş deyirlər, ay-ulduzlu bayraqlarımız həmişə bir yerdə dalğalanır və bu, dostlarımız üçün qürur və sevinc, düşmənlərimiz üçün isə ağrı mənbəyidır. Bu gün 30 il davam edən status-kvo artıq mövcud deyil. Status məsələsi gündəlikdən çıxarılmışdır. Əvəzində Qarabağın dağıdılmış şəhər və kəndlərini bərpa etmək planlarının həyata keçirilməsinə başlanılmışdır.

      Göstərilənlərlə yanaşı onu da qeyd etmək istərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Azrəbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşı Xəlilov Ruhin Müzəffər oğlu da iştirak etmiş və  döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

      Şəhid Ruhin Müzəffər oğlu Xəlilov 1987-ci il martın 13-də Cəbrayıl rayonunun Məzrə kəndində anadan olmuş, erməni silahlı qüvvələri tərəfindən həmin rayonun işğalı nəticəsində məcburi köçkün düşərək, ailəsi ilə birgə Abşeron rayonunda məskunlaşmışdır. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilən Ruhinin orta məktəbdə də istedadı ilə fərqlənərək  hüquqşünaslıq ixtisası üzrə ali təhsil alaraq ədliyyə orqanları sıralarına daxil olmuşdur. Şəhidimiz bir müddət icra məmuru vəzifəsində çalışdıqdan sonra nümunəvi fəaliyyəti ilə fərqlənərək sonradan Ədliyyə Nazirliyinin aparatında peşəsini davam etdirmişdir. 2018-2019-cu illərdə isə İmişli rayonu İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edmiş, xidməti fəaliyyəti dövründə zəhmətsevərliyi, davranışı ilə kollektivin rəğbətini qazanan Ruhin Xəlilov Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanmışdır. Torpaqlarımızın azad olunması uğrunda aparılan müharibə də fədakarcasına iştirak edərək 2019-cu ilin oktyabrın 21-də şəhidlik zirvəsinə ucalmaşdır. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Həmçinin ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə, habelə əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyinə görə Ruhin Xəlilova ölümündən sonra “Fəxri ədliyyə işçisi” adı verilmişdir.

    Bununla bağlı Ədliyyə Nazirliyinin rəhbərliyinin tapşırığına əsasən nazirliyin bütün qurumlarında olduğu kimi İmişli regional ədliyyə idarəsində də şəhid Ruhin Xəlilovun, habelə bütün şəhidlərin əziz xatirəsi daim yad edilir. Bununla bağlı regional idarənin inzibati binasında stendlər quraşdırılmış, həmçinin mütəmadi tədbirlər təşkil edilir. Bundan başqa şəhidlərin xatirəsinə hazırda inzibati binanın həyətində fəvvarə kompleksi tikilməkdədir və şəhidin 21 oktyabr ildönümünə qədər açılışı planlaşdırılır. Bu  bir daha Ədliyyə Nazirliyinin bir qurumu kimi bizim də şəhidlərin xatirəsinin əziz tutulması və əbədiləşdirilməsi işinə həssaslıqla yanaşmağımızdan xəbər verməklə, mənəvi borcumuzu daim nümayiş etdirəcəyimizin göstəricisidir.     

     Beləliklə, dünyada baş verən çoxsaylı münaqişələrin və müharibələrin gedişatına nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Bunun ən son nümunəsi Azərbaycan xalqının Qarabağ uğrunda apardığı 44 günlük Vətən müharibəsidir. Ötən illərdə biz gücləndik, düşməni dəmir yumruqla darmadağın etdik. 44 gündə otuz illik işğala, ədalətsizliyə son qoyuldu. 27 sentyabr “Anım Günü” məhz bu mühüm hadisəni hər il qeyd etmək, onu yaddaşlarda saxlamaq və dünyaya mühüm mesajlar ötürməkdir.

 

           

                                               İsgəndər Orucov

                                               Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin rəisi