İmişlidə Heydər Əliyevin 99-cu il dönümü qeyd olunub

    İmişli rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

    Tədbirdə rayon icra hakimiyyətinin, idarə və müəssisələrin rəhbərləri, hüquq-mühafizə orqanı, o cümlədən İmişli regional ədliyyə idarəsinin əməkdaşları iştirak ediblər.

   Öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra Mədəniyyət Mərkəzində açılan sərgiyə baxış keçirilib. Anım günü Mərkəzdə baş tutan tədbirlə davam edib. Azərbaycanın Dövlət Himni səsləndirilib və tədbir açıq elan olunub. Tədbirdə ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söhbət açılıb. Çıxış edənlər unudulmaz şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın çətin sınaqlardan şərəflə keçdiyini qeyd ediblər. Bildirilib ki, ölkəmizdə müstəqilliyimizin qorunub saxlanılması və beynəlxalq aləmdə nüfuz əldə etməsi, həmçinin mötəbər beynəlxalq təşkilatlara üzv olmasının təməlində Ulu Öndərin uzaqgörən siyasəti dayanır. Diqqətə çatdırılıb ki, Ümummilli Lider insanların həyat yoluna işıq saçan təfəkkür və mənəviyyat sahibi olmaqla qəlblərdə daim yaşayacaq. Ulu öndər Heydər Əliyevin böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan, böyük xilaskarlıq, sabitlik və inkişaf missiyasını həyata keçirən qüdrətli şəxsiyyət, Azərbaycanda dövlət müstəqilliyinin banisi olduğu bir daha vurğulanıb.

   Bildirilib ki, müstəqil Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin siyasi kursu hər zaman davam etdirilir. Bu konsepsiya hazırda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılır və ölkəmizin mövcud iqtisadi inkişafı, regionda lider dövlətə çevrilməsi buna bariz nümunədir. Tədbir musiqili konsert proqramı ilə davam edib. İmişli mədəniyyət mərkəzinin heyəti tərəfindən musiqilər səsləndirilib və rəqs nümayiş olunub.