İmişli Regional Ədliyyə İdarəsi Biləsuvar rayonunda vətəndaşların qəbulunu keçirib

        Ədliyyə Nazirliyinin İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucov may ayının 4-də ədliyyə, o cümlədən bələdiyyə fəaliyyəti ilə bağlı Biləsuvar rayonunda vətəndaşların qəbulunu keçirmişdir. Qəbulda iştirak etmiş vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, bəzi məsələlərə yerindəcə aydınlıq gətirilmiş və digər hallar üzrə qanunvericiliyin müvafiq tələbləri izah edilmiş, məsul əməkdaşlara aidiyyəti tapşırıqlar verilmişdir.

         Daha sonra regional idarənin rəhbərliyi tərəfindən Biləsuvar icra və probasiya şöbəsinin kollektivi ilə keçirilmiş iclasda əmək və icra intizamı, eləcə də vətəndaşların müraciətlərinə vaxtında, o cümlədən əsaslı cavab verilməsi və ünsiyyət zamanı etik davranış qaydaları ilə bağlı Nazirliyin rəhbərliyinin göstəriş və tapşırıqırına, habelə qanunvericilikdən irəli gələn tələblərə əməl olunması bir daha diqqətə çatdırılmışdır.

         Məlumat üçün qeyd olunur ki, yerlərdə vətəndaşların qəbulunun keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.